İQTİSADİYYAT
Mingəçevir REŞ müəssisəsi üzrə ödəniş artmışdır
Bakı, 18 avqust (AZƏRTAC). İyulda Mingəçevir Regional Elektrik Şəbəkəsi (REŞ) müəssisəsində 113,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 11 faiz çoxdur. Ümumi ödəniş ötən ilin eyni dövrünə nisbətən 14,4 faiz artaraq 87 faizə yaxın olmuşdur. Daimi əhali istehlakçı qrupunda isə 29 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, bu ilin 7 ayında müəssisədə 690,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş təxminən 85 faiz olmuşdur. Daimi əhali istehlakçı qrupunda istehlak 6,9 milyon kilovat-saatdan çox artaraq 195,3 milyon kilovat-saata, ödəniş isə 93 faizə yaxın olmuşdur.