SİYASƏT
Mingəçevirdə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilir
Mingəçevir, 12 iyun (AZƏRTAC). 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, idarə, müəssisə və təşkilatlarda Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa”lar, görüşlər keçirilir.
Mingəçevir şəhər təhsil şöbəsində “Heydər Əliyev və Azərbaycanda milli qurtuluş hərəkatı”, gənclər və idman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzularında tədbirlər keçirilmişdir.
Bayram münasibətilə qarşıdakı günlərdə icra hakimiyyətində, YAP şəhər təşkilatında, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında və Mingəçevir Turizm Kollecində də tədbirlər keçiriləcək, Mingəçevir Dövlət Dram Teatrında və şəhərin Heydər Əliyev meydanında konsert olacaqdır.
Hazırda gənclər və idman idarəsinin təşkilatçılığı ilə futbol üzrə şəhər birinciliyi keçirilir. İyunun 14-dən isə avarçəkmə üzrə Mingəçevir birinciliyi başlanacaqdır. Ayın 15-də şəhər ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.