ELM VƏ TƏHSİL
Mingəçevirdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin zona yarışı keçirilmişdir
Mingəçevir, 11 yanvar (AZƏRTAC). Təhsil Nazirliyinin və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə yanvarın 11-də Mingəçevir Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin zona üzrə yekun tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin və Türkiyənin İstiqlal marşının oxunması ilə başlanmışdır. Mingəçevir, Yevlax və Bərdədən olan şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər bildirmişlər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsini keçirməkdə məqsəd ana dilimizi gələcək nəsillərə çatdırmaqdır. Natiqlər bu cür tədbirlərin şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini, bu müsabiqənin təkcə bölgə üçün deyil, respublikamız üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.
Daha sonra səhnədə müsabiqənin mahnı və şeir nominasiyalarının finalçıları çıxış etmişlər. Yarışda məktəblilərin ifasında Vətənə, anaya aid şeirlər və mahnılar səsləndirilmişdir. Qaliblərə diplom və hədiyyələr verilmişdir.
Zona mərhələsinin qalibləri respublika müsabiqəsinin finalında iştirak edəcəklər.