CƏMİYYƏT
Mingəçevirdə məişət zorakılığı ilə mübarizə üsullarına həsr olunmuş təlim keçirilmişdir
Mingəçevir, 28 mart (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin və Regional Gender Mərkəzinin birgə təşkilatçılığı ilə
Mingəçevir şəhərində məişət zorakılığı ilə təlim keçirmişdir.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən tədbirdə çıxış edənlər layihənin əsas məqsədi barədə geniş məlumat vermiş, maarifləndirmə kampaniyasının əhəmiyyətindən danışmışlar.
Təlim zamanı Azərbaycan hökumətinin son illərdə zorakılığın qarşısını almaq istiqamətində həyata keçirdiyi islahatlar da diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, tədbirin əsas məqsədi ötən il qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu barədə insanları məlumatlandırmaq, eləcə də yerli səviyyədə məişət zorakılığı ilə mübarizə sahəsində çalışan qurumlar arasında sıx əlaqələr yaratmaqdan ibarətdir.
Qeyd edilmişdir ki, 24 ay ərzində həyata keçiriləcək layihə bu qanunun tələblərinə cavab verir. Layihə çərçivəsində indiyədək xeyli işlərin görüldüyünü qeyd edən natiqlər məişət zorakılığı nədir, məişət zorakılığından əziyyət çəkənlər, bu bəladan qorunmağın yolları və məişət zorakılığının formaları barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Tədbirdə məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılaraq ailədə, məişətdə və digər sahələrdə insanların məruz qaldıqları qadağalardan da söz açılmışdır. Qeyd edilmişdir ki, “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin “Gender və İnkişaf” adlı QHT şəbəkəsinin nəzdində 6 regional mərkəz yaradılmışdır. Bu mərkəzlər rayonlarda fəaliyyət göstərir. Hazırda layihə çərçivəsində 24 saat ərzində müraciətləri qəbul edən “Qaynar xətt” telefon xidməti fəaliyyət göstərir.
Təlim iştirakçıları son illər Azərbaycanda məişət zorakılığına qarşı fəal iş aparıldığını, bununla belə hələ görüləcək işlərin çox olduğunu qeyd etmiş, hər kəsi məişət zorakılığı faktlarına biganə qalmamağa çağırmışlar.