CƏMİYYƏT
Mingəçevirli gənclərin QHT-lərdə fəal iştirakı məsələsi müzakirə edilmişdir
Mingəçevir, 7 oktyabr (AZƏRTAC). “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Fəal vətəndaşlıq və gənclərin QHT-lərdə iştirakı”layihəsi çərçivəsində növbəti görüşünü Mingəçevir Turizm Kollecində keçirmişdir.
AZƏRTAC xəbər verir ki, bu təhsil ocağında oxuyan 100-ə yaxın tələbənin iştirak etdiyi tədbirdə regionlarda fəal vətəndaşlığın artırılması, gənclər arasında QHT institutunun yaranması və inkişafı prosesinə yardım etmək, regionlarda gənclərin vətəndaş cəmiyyətinin inkişafına tövfə verməsi, gənclərlə bağlı yeni qeyri-hökumət təşkilatlarının yaradılmasının təşviq edilməsi, bu sahədəki mövcud QHT-lərin gücləndirilməsi, region gənclərinin liderlik keyfiyyətlərinin artırılması məsələləri müzakirə edilmişdir.
Tələbələrin QHT-lərlə fəal işbirliyinə cəlb edilməsi tövsiyə olunmuş, onlara müasir cəmiyyətimizdə mövcud problemlərin həlli və nöqsanların aradan qaldırılması işində QHT-lərə kömək etmək vərdişləri aşılanmışdır.
Görüşdə QHT institutu və idarəçiliyi, beynəlxalq proqramlar mövzusunda, eləcə də gənclərin liderlik keyfiyyətlərinə dair, gənclərlə bağlı QHT-lərlə icma gəncləri arasında əlaqələrin qurulması, layihə yazılışı, maliyyə məsələləri mövzularında ətraflı məlumat verilmişdir.
Tədbirdə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin gördüyü işlər sırasında ekoloji məsələlər, erkən nikahlar və onların fəsadları, müasir təlim metodları, gənclərdə pis vərdişlər, milli mentalitet və digər məsələlərin yer aldığı tələbələrin diqqətinə çatdırılmışdır. Gənclərə layihə çərçivəsində mövzu ilə bağlı hazırlanmış buklet və buröşürlər paylanılmışdır.