MƏDƏNİYYƏT
Mingəçevirli şagirdlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəkləri anı səbirsizliklə gözləyirlər
Mingəçevir, 19 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının orta məktəblərində təhsil alan IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın Mingəçevir şəhərindən olan iştirakçıları avqustun 19-da Quba-Qusar-Xaçmaz marşrutu üzrə ölkəmizin şimal bölgəsinə yola düşdülər.
Şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Mingəçevirdəki Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyinin, təhsil işçiləri və valideynlərin iştirak etdikləri yolasalma mərasimində məlumat verildi ki, məktəblilər 4 gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar.
Şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Əliyev mərasimdə çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin təcrübi möhkəmləndirilməsində mühüm rol oynayır.
Mərasimdə çıxış edən təhsil işçiləri və valideynlər gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açdılar. Mingəçevir şəhər 6 nömrəli tam orta məktəbin direktoru Xurşud Qarayeva bu ideyanı yüksək əhval-ruhiyə ilə qarşıladıqlarını bildirərək dedi: “Mən bütün valideynlər adından deyirəm ki, bu çox gözəl bir aksiyadır. Övladlarımız Azərbaycanın görməli, mənzərəli yerləri ilə tanış olacaqlar. Eyni zamanda, bu səyahət yeni tədris ili ərəfəsində şagirdlərimizə xoş əhval-ruhiyyə bəxş edəcək. Bu da gələcəkdə onların yüksək nailiyyət qazanmalarına stimul verəcək”.
Şəhərdəki 3 nömrəli məktəbin şagirdləri Fuad Əliyev və Zaur Məmmədov bu aksiya ilə bağlı öz ürək sözlərini bölüşdülər. Bildirdilər ki, ilk dəfədir Quba-Qusar rayonlarına gedirik. Quba da bizim şəhər kimi gözəldir. Bu tur-aksiya zamanı hər bir şagird görmədiyi yerləri tanımaq, tarixi, maddi- mədəniyyət abidələri ilə yaxından tanış olmaq imkanı əldə edir. Biz belə ekskursiyaların təşkilinə görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Biz ümid edirik ki, Qubada Soyqırımı Memorial Kompleksini də görəcəyik”.
Mərasim başa çatdıqdan sonra 40 nəfər mingəçevirli məktəbli hər cür şəraiti olan avtobusla ölkəmizin şimal rayonlarına yola salındı.