SİYASƏT
MİNKƏNDLİLƏR AZƏRBAYCAN PREZİDENTİ ƏTRAFINDA SIX BİRLƏŞDİKLƏRİNİ BƏYAN EDİRLƏR
Bakı, 25 yanvar (AZƏRTAC). Minkənd kənd icra nümayəndəliyi öz işini günün tələbləri səviyyəsində qurmaq üçün qüvvələri səfərbərliyə almışdır. Kənd icra nümayəndəliyi üzrə 715 ailə - 2873 nəfər respublikamızın 22 rayonunda müvəqqəti məskunlaşmışdır. Ayrı-ayrı bölgələrdə əhali ilə görüşlər keçirilməsi ənənə halını almışdır. Əhalinin siyahısı müntəzəm dəqiqləşdirilir. 2009-cu ildə 32 körpə doğulmuşdur. Nümayəndəliyin tabeliyində bir orta məktəb, bir klub və bir kitabxana fəaliyyət göstərir.
Bu faktlar Laçın Rayon İcra Hakimiyyəti başçısının Minkənd kəndi üzrə nümayəndəsinin hesabatında səsləndirilmişdir.
Məlumat verilmişdir ki, 2009-2010-cu dərs ilinin qəbul imtahanlarında bu ilin fevralında 120 illik yubileyi qeyd olunacaq kənd məktəbi məzunlarının 50 faizi tələbə adını qazanmışdır. Çağırış yaşlı gənclərin hərbi xidmətə çağırışı ilə əlaqədar Respublika Prezidentinin Fərmanından irəli gələn vəzifələr layiqincə yerinə yetirilir. Hazırda Milli Ordu sıralarında 32 minkəndli gənc qulluq edir. Şəhid ailələrinə, müharibə veteranlarına, Qarabağ əlillərinə, tək və kimsəsiz qocalara daim diqqət və qayğı göstərilmişdir. Aztəminatlı ailələrə ünvanlı sosial yardım verilməsi üçün lazımi köməklik edilmişdir. Bu gün nümayəndəlik üzrə 95 ailə ünvanlı sosial yardım, 444 nəfər təqaüd alır. Qarabağ müharibəsində şəhid olmuş 16 minkəndlinin xatirəsi əziz tutulur, ərazidə 7 Qarabağ müharibəsi əlili, 1 nəfər Böyük Vətən müharibəsi iştirakçısı vardır.
Ağcabədidəki Taxtakörpü ərazisində məskunlaşmış kənd sakinlərinin şəraitini yaxşılaşdırmaq məqsədi ilə onlara şəxsi mal-qara saxlamaq üçün torpaq sahəsi ayrılmışdır. Burada yem bitkiləri ilə yanaşı, həm də taxıl becərilir. 2009-cu ildə torpaq sahibləri olan 17 ailə 470,4 hektar sahədən 1205 ton buğda, 378 ton arpa tədarük etmiş, 185 ton qaba yem toplamışlar. Hər hektardan 30 sentner taxıl götürülmüşdür. Fermerlərə və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlara lazımi şərait yaradılmışdır. 2010-cu ilin məhsulu üçün 10 ailə 238 hektar sahədə buğda, 95 hektar sahədə arpa, 34 hektar sahədə yonca əkmişdir. Ailələrə qış mövsümü üçün hər aya 40 litr maye yanacaq verilmişdir. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşmış minkəndlilərin ev, torpaq, qaz, su, işıq və digər problemləri həmin rayonların rəhbərlərinin və əlaqədar qurumlarının köməkliyi ilə həll edilmişdir.
Məruzəçi və digər çıxış edənlər doğma yurda qayıdacaqalarına inamlarını ifadə etmişlər. Qeyd edilmişdir ki, laçınlılar bundan sonra da prezident İlham Əliyevin ətrafında sıx birləşəcək, dövlətimizin daha da güclənməsində səylərini əsirgəməyəcəklər.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov ötən il rayonda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Vüqar Səlimov iştirak etmişdir.