SİYASƏT
Minskdə keçirilən Avropa və Asiya media qurumlarının 7-ci forumu başa çatmışdır
Minsk, 11 dekabr (AZƏRTAC). Dekabrın 11-də Rusiyanın “RİA-Novosti” informasiya agentliyinin təşkilatçılığı ilə Minskdə keçirilən Avropa və Asiya media qurumlarının 7-ci forumu başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi forumun ikinci iş günündə “Dəyişən auditoriya və onunla iş metodları”, “Media texnologiyaları ilə işləyən redaksiyaların işinin təşkili”, “Müasir medianın tarixi-mədəni əsasları,” “Televiziya, radio və yeni tenologiyalar” mövzularında keçirilən bölmə iclaslarında çıxış edən media ekspertləri, siyasi təhlilçilər və jurnalist təşkilatlarının rəhbərləri inteqrasiya proseslərinin daha da sürətləndirilməsi barədə fikirlərini bölüşmüş, təkliflər irəli sürmüşlər.
Qeyd olunmuşdur ki, müasir dünyada sosial şəbəkələrin rolu və fəaliyyət istiqamətləri artmaqdadır. Sosial şəbəkələr vasitəsi ilə müxtəlif dövlətlərdə yaşayan insanların bu və ya digər məsələlərə dair fikirləri ictimailəşsə də, ümumilikdə bu fikirlər cəmiyyətin düşüncələrini əks etdirmir. Ona görə də ənənəvi media təşkilatları sosial şəbəkələrdəki düşüncələri öyrənərək, öz işlərini daha intensiv şəkildə qurmalı, bütün cəmiyyəti düşündürən problemləri ortaya qoymalı, insanlara daha obyektiv xəbərlər çatdırmalıdır.
Güclü rəqabət şəraitində fəaliyyət göstərən media qurumları kommersiya strukturları kimi formalaşmalıdırlar ki, müstəqilliklərini qoruyub saxlaya bilsinlər.
Bölmə iclaslarında suallar cavablandırılmışdır.
Sonra forumun yekun plenar iclası keçirilmişdir. Qeyd olunmuşdur ki, irəli sürülən bütün təkliflər nəzərə alınacaq və 2013-cü ildə keçiriləcək 8-ci forumun gündəliyi məhz bu təkliflər əsasında formalaşdırılacaqdır.
Bununla da Avropa və Asiya media qurumlarının 7-ci forumu işini yekunlaşdırmışdır.