İQTİSADİYYAT
Minskdə MDB-nin Daimi Nümayəndələr Şurasının və Birliyin İqtisadi Şurası yanında İqtisadi Məsələlər Komissiyasının birgə iclası olacaqdır
Minsk, 25 mart (AZƏRTAC). Martın 28-də MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının və MDB-nin İqtisadi Şurası yanında İqtisadi Məsələlər Komissiyasının (İMK) birgə iclası olacaqdır.
Bunu AZƏRTAC-a təşkilatın Minskdəki iqamətgahının mətbuat xidmətindən bildirmişlər.
İclasda İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev iştirak edəcəkdir.
İclasın gündəliyində duran birinci məsələ MDB məkanında inteqrasiya proseslərinin inkişafı barədə bənd olacaqdır. Sonra iclasın iştirakçıları MDB Hökumət Başçıları Şurasının (HBŞ) mayın 31-də Minskdə keçiriləcək növbəti iclasının gündəlik layihəsini müzakirə edəcəklər.
HBŞ-nin iclasında ticarət, innovasiyalar, ətraf mühitin mühafizəsi, atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi üzrə əməkdaşlığa dair 20-dən çox sənədə baxılması nəzərdə tutulur. Sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, təhsil və bədən tərbiyəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, sahə əməkdaşlığı orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlərin müəyyənləşdirilməsi də nəzərdə tutulmuşdur.
Bundan başqa, İMK-nin və Daimi Nümayəndələr Şurasının birgə iclasının iştirakçıları iqtisadi sahədə MDB-nin gələcək inkişaf Konsepsiyasının həyata keçirilməsinə dair Əsas Tədbirlər Planının yerinə yetirilməsi gedişini təhlil edəcəklər.
İMK-nin və Daimi Nümayəndələr Şurasının üzvləri, həmçinin 2012-ci ildə MDB-nin sahə əməkdaşlığı orqanlarının fəaliyyətini qiymətləndirəcəklər.
Müstəqil Dövlətlər Birliyi çərçivəsində 83 orqan, o cümlədən 68 sahə əməkdaşlığı orqanı yaradılmışdır.
2012-ci ildə MDB-nin üç yeni sahə əməkdaşlığı orqanı (MDB-nin iştirakçısı dövlətlərinin Bitkilərin karantini üzrə Əlaqələndirmə Şurası, MDB-nin iştirakçısı dövlətlərinin Sənaye Siyasəti üzrə Şurası və Birliyin iştirakçısı dövlətlərinin Maliyyə Kəşfiyyatı Bölmələrinin Rəhbərləri Şurası) yaradılmış, üç orqan (Hökumətlərarası Neft və Qaz Şurası, Hökumətlərarası Kimya və Neft Kimyası Şurası, Maşınqayırma sahəsində əməkdaşlıq üzrə nazirlik və baş idarə rəhbərlərinin dövlətlərarası Şurası) ləğv edilmişdir.
2012-ci ildə sahə əməkdaşlığı orqanları 83 iclas keçirmişdir. İclaslarda çoxtərəfli əməkdaşlığın müxtəlif sahələrinə aid 900-dən çox məsələyə baxılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk