DÜNYA
Misir guya bu ölkənin cənubunda piramidalar aşkar edilməsi barədə xəbərləri təkzib etmişdir
Bakı, 18 avqust (AZƏRTAC). AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Misirin Qədim Abidələr Nazirliyi guya bu ölkənin cənub hissəsində yerləşən və bu yaxınlarda amerikalı arxeoloq tərəfindən “Google Earth” axtarış sisteminin köməyi ilə aşkar edilmiş piramidalar barədə məlumatı təkzib etmişdir.
KİV-lər bir neçə gün bundan əvvəl xəbər vermişlər ki, amerikalı arxeoloq Anjela Mikol Misirin cənubunda bir neçə piramidanın oturacaq hissəsini aşkar etmişdir. Mikol bu kəşfi öz mənzilindən çıxmadan, bir neçə il ərzində Yuxarı Misirin səhralıq rayonlarının süni peykdən çəkilmiş şəkillərini təhlil edərək bu qənaətə gəlmişdir.
Qədim abidələr naziri Məhəmməd İbrahim Qahirədə jurnalistlərə demişdir: “Yuxarı Misirdə heç bir yeni piramida yoxdur, internet şəbəkəsindən istifadə edilməklə bu piramidaların aşkar edilməsi barədə xəbər isə yalan məlumatdır”. Onun sözlərinə görə, arxeoloqlar tərəfindən qədim piramidaların əsasları kimi qəbul edilmiş təsvirlər əslində təbii geoloji vadilərdir. Bu regionun səhralıq ərazisi üçün bu cür geoloji platolar olması təbiidir.
Nazir xatırlatmışdır ki, bir qədər bundan əvvəl “Google” xəritəçəkmə resursunun köməyi ilə Bosniya və Herseqovina ərazisində də sensasiyalı bir kəşf barədə məlumat verilmişdi.
Misirli nazir sonda demişdir: “Bəzən “Google” sistemi də səhv edir. Piramida formasında geoloji relyef obyektlərinin heç də hamısı arxeoloji abidə və ya tarixi piramida deyildir”.