DÜNYA
Misir Prezidenti: Rusiya-Ukrayna böhranının həlli məqsədilə Əlaqələndirmə Qrupu yaradılıb
Qahirə, 24 iyul, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə taxıl tədarükü ilə bağlı yaranmış gərgin vəziyyət əsas müzakirə mövzularından biri olub. S.Lavrov səfərdən əvvəl verdiyi bəyanatda Rusiyanın qlobal ərzaq böhranına səbəb olması barədə iddiaları təkzib edib.
Rusiya Prezidenti Vladimir Putinin məktubunu Misirin dövlət başçısına təqdim edən S.Lavrov Ukraynada hərbi əməliyyatların gedişi, taxılın Qara dəniz vasitəsilə daşınması üzrə son vəziyyət barədə məlumat verib. O, həmçinin Qərbin sanksiyalarına qoşulmadığına görə Afrika və ərəb ölkələrinə təşəkkürünü bildirib.
Misir Prezidenti bildirib ki, onun ölkəsi Rusiya ilə konstruktiv əməkdaşlığı davam etdirir, Əl-Dabba AES-in inşası və Süveyş Kanalı Azad İqtisadi Zonasında birgə layihələr həyata keçirilir. Əbdülfəttah əs-Sisi diqqətə çatdırıb ki, Rusiya-Ukrayna böhranının həlli məqsədilə rəsmi Qahirənin təşəbbüsü əsasında Əlaqələndirmə Qrupu yaradılıb.
Qahirə