DÜNYA
Misir rəhbərliyi “Əl-Cəzirə” jurnalistlərinə hökm çıxarılması məsələsində məhkəmənin işinə qarışmayacaqdır
Qahirə, 24 iyun (AZƏRTAC). Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirmişdir ki, o, Qətərin “Əl-Cəzirə” televiziya kanalının bir gün əvvəl həbs cəzasına məhkum edilmiş jurnalistləri barəsində məhkəmənin qərarlarına qarışmaq və etiraz etmək niyyətində deyildir.
Misir prezidenti demişdir: “Biz hakimlərin işinə qarışmayacağıq. Onların işinə hörmət etmək lazımdır, onları tənqid etmək olmaz, hətta bir çoxları bunu başa düşməsələr belə”.
Telekanalın jurnalistləri barəsində çıxarılmış hökm Qərbdə sərt reaksiya doğurmuşdur. Qərbdən jurnalistləri azad etmək çağırışları səsləndirilir. Öz növbəsində Misirin xarici İşlər Nazirliyi xüsusi bəyanatında Qərbdən “ölkənin daxili işlərinə qarışmamağı və Misirin ədalət məhkəməsinə şübhə ilə yanaşmamağı tələb etmişdir”.
Xatırladırıq ki, iyunun 23-də telekanalın yeddi əməkdaşı, o cümlədən Avstraliya və Kanada vətəndaşları 7 illik həbs cəzasına məhkum olunmuşlar. Təqsirləndirilən daha 11 nəfər, o cümlədən iki britaniyalı və bir niderlandlı qiyabi mühakimə olunaraq 10 illik həbs cəzası almışlar. Telekanalın reportyorları və əməkdaşları prezident Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə baş vermiş inqilabi hadisələrin işıqlandırılmasında qeyri-dəqiq informasiya verməkdə, efirə həqiqətə zidd videosüjetlər buraxmaqda, habelə hadisələri ölkənin dünyadakı nüfuzuna ziyan vuracaq şəkildə sərbəst təfsir etməkdə günahlandırılırlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə