REGİONLAR
Misir saytı yazır: Naxçıvan füsunkar dağları və gölləri ilə məşhurdur
Naxçıvan, 11 oktyabr, AZƏRTAC
Misir Respublikasının m.gomhuriaonline.com saytında ərəb dilində “Azərbaycanın əsrarəngiz gölü ilin dörd fəslini eyni zamanda qarşılayır” başlıqlı məqalə yerləşdirilib. Məqalənin müəllifi Bolqarıstanda yaşayan amerikalı Elison Qrindir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə Naxçıvanın Azərbaycanın digər yerləri ilə müqayisədə tamamilə başqa coğrafiya və landşafta malik olduğu bildirilir. Qeyd edilir ki, bu qədim diyar özünün füsunkar dağları və gölləri ilə məşhurdur, buradakı Batabat gölü ayrı bir mənzərədir. Dağların zirvəsindəki qar yazın son günlərinə qədər qalır. Bu buzlaqları əridən isti günəş şüaları və qarın yaxınlığında bitən, gölü əhatə edən çiçəklər adamı valeh edir. Dağlardakı qar qış, gölün ətrafındakı əlvan çiçəklər isə yaz mənzərəsi yaradır. Yəni burada, eyni zamanda 4 fəsli görə bilərsən. Bu isə bir möcüzədir. Göl dağlardan əriyən buzlaqların suyu ilə qidalanır. Amerikalı turist qeyd edir ki, gölün havası çox dəyişkəndir. Çünki o, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir.
Səyyah yazır: “Naxçıvan şəhərindən gölə qədər olan məsafədə landşaft o qədər zəngindir ki, tez-tez dəyişən mənzərələrə baxanda bir saatlıq yolu necə getdiyinin fərqinə vara bilmirsən”. Məqalə bu sözlərlə bitir: “Bu gölün sahilində gəzib gözəllikdən zövq almaq və onun şəklini çəkmək istəyənlər özləri ilə bərabər kamera da götürməyi yaddan çıxarmasınlar”. Müəllif özü də bir neçə maraqlı foto paylaşıb.
Qeyd edək ki, ötən il Naxçıvana səfər edən Qrin burada çəkdiyi maraqlı fotoları və yazdığı məqalələri müxtəlif internet resurslarında da paylaşır.