DÜNYA
Misirin mədəniyyət naziri polisin hərəkətinə istefa ilə reaksiya vermişdir
Bakı, 5 fevral (AZƏRTAC). Misirin mədəniyyət naziri istefa ərizəsini yazmışdır. Xəbər bu ölkənin Nazirlər Kabinetinin sözçüsü tərəfindən də təsdiqlənmişdir.
Mədəniyyət naziri Saber Arab artıq bazar günündən etibarən istefa ərizəsini yazmışdır. İddia edilir ki, nazirin postdan getməsinə yerli polisin əliyalın aksiyaçıya hücum etməsi barədə videoçarx səbəb olmuşdur. Saber Arab bu videonu izlədikdən dərhal sonra vəzifədən getmək fikrinə gəlmişdir.
Nazirlər kabinetinin mətbuat katibi Alaa Əlhadidi bildirmişdir ki, misirli nazir ərizəsini hökumət başçısı Hişam Kandilə təqdim etsə də hələlik onun müraciəti rəsmiləşdirilməmişdir. Buna baxmayaraq istefasını bazar günündən yazmış mədəniyyət nazirinin bazar ertəsi günü işə çıxmadığı dəqiqdir. Baş nazir isə ötən gün axşam Saber Arab ilə görüşmüş və onu ərizəsini geri götürməsi üçün inandırmağa çalışmışdır.