SİYASƏT
Misirli siyasətçi: Prezident İlham Əliyev Ərəb Sammitində Qoşulmama Hərəkatında birləşən 120 ölkəni təmsil edib
Qahirə, 3 noyabr, AZƏRTAC
Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində Qoşulmama Hərəkatının Sədri qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsi ilə yanaşı, bu mötəbər tədbirin Fəxri qonağı kimi Hərəkatda birləşən 120 ölkəni təmsil edib.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində misirli siyasətçi, “Əl Hivar” Media və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və Misir parlamentinin keçmiş üzvü Hişam Məqdi söyləyib.
O əlavə edib ki, Sammitdəki çıxışında Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük təsisat olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın 2019-cu ildən Hərəkata sədrlik etdiyini və üzv dövlətlərin yekdil səsi ilə seçildiyini qeyd edib. “Qoşulmama Hərəkatının sədri Ərəb Sammitində təsisata sədrliyin COVID-19 pandemiyası dövrünə təsadüf etdiyini, Azərbaycanın bu qlobal bəla ilə mübarizədə bir sıra mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. BMT Baş Assambleyasının xüsusi sessiyasının, Qoşulmama Hərəkatının Sammitinin təşkili pandemiya ilə mübarizədə mühüm addımlar olub. Həmin tədbirlərdə ərəb dövlətləri də fəal iştirak edib. Eyni zamanda, Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib, peyvənd millətçiliyinə, onların ədalətsiz bölgüsünə qarşı səsini ucaldıb. Prezident İlham Əliyev də çıxışında vurğuladı ki, bu addımlar Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın mövqeyinə dəstəyini gücləndirib”.
Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin çıxışını şərh edən H.Məqdi daha sonra deyib: “Sammitdəki çıxışı zamanı Prezident İlham Əliyev Əlcəzair rəhbərliyini, hökumətini və xalqını şanlı ildönümü, ölkənin bir milyon şəhidinin fədakarlığı ilə müstəqilliyini əldə etdiyi gün münasibətilə təbrik edib. O, Ermənistan üzərində qazanılan Qələbəyə, Əlcəzair və Azərbaycanda iki qardaş xalqın mübarizəsi arasında böyük oxşarlıqlara da toxunub. Yeri gəlmişkən, Azərbaycan xalqı noyabrın 8-də Zəfər Gününü qeyd edəcək. Bu münasibətlə şanlı Qələbənin memarı, Ermənistanın işğalından azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinin rəhbəri Prezident İlham Əliyevi və xalqınızı təbrik etmək istəyirəm. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi ilə dünyaya göstərdi ki, BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar işğal faktına qarşı mübarizədə, işğalçının qarşısının alınmasında daha fəal rol oynamalıdır, əks halda təcavüzə məruz qalan ölkələr öz ərazilərini hərb yolu ilə azad edəcəklər”.
Misirli siyasətçi sonda qeyd edib ki, Prezident İlham Əliyevin Ərəb Sammitində iştirakı və açılış mərasimində dərin məzmunlu çıxışı ərəb dövlətləri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə