MƏDƏNİYYƏT
“Miss Azərbaycan 2014” milli gözəllik müsabiqəsinin final mərhələsi keçiriləcəkdir
Bakı, 30 may (AZƏRTAC, Aygün Məmmədova). “Miss Azərbaycan 2014” milli gözəllik müsabiqəsinin final mərhələsi iyun ayının 7-də keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Miss Azərbaycan 2014” milli gözəllik müsabiqəsinin təşkilat komitəsinin sədri Aneliya Orduxanova mayın 30-da Trend Xəbərlər Şirkətində keçirdiyi mətbuat konfransında söyləmişdir.
Bildirilmişdir ki, müsabiqə “Səs ver! Miss Azərbaycanı seç” şüarı altında keçirilir. “Bir İP adres- bir səs” prinsipi əsasında təşkil edilən kastinq və seçim turundan sonra yarımfinal olmuşdur. Müsabiqəyə qatılan 14 min nəfərdən münsiflər heyətinin səs çoxluğu ilə 16 iştirakçı final mərhələsinə keçmişdir. Müsabiqənin ikinci mərhələsi olan SMS səsverməsi final şousuna qədər davam edəcəkdir.
Tədbirdə Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova bildirmişdir ki, modellərə geyimləri ona məxsus olan moda evi təqdim etmişdir. Müsabiqə iştirakçıları məşhur modelyerin geyimlərini nümayiş etdirəcəklər.
Finalda qonaqları təkcə əsrarəngiz şou deyil, həmçinin məşhur müğənnilərin və rəqs kollektivlərinin çıxışlarından ibarət konsert proqramı gözləyir.
Sonda qaliblər mükafatlandırılacaqlar.