ELM VƏ TƏHSİL
Mixal Svantner: Azərbaycan beynəlxalq əqli mülkiyyət arenasında aparılan bütün müzakirələrdə yaxından iştirak edir
Cenevrə, 30 sentyabr, AZƏRTAC
Azərbaycan beynəlxalq əqli mülkiyyət arenasında aparılan bütün müzakirələrdə yaxından iştirak edir və çox vacib, güclü üzvə çevrilir.
Bu fikri Cenevrədə keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Baş Assambleyasının 59-cu sessiyası zamanı bu beynəlxalq qurumun Keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr şöbəsinin direktoru Mixal Svantner AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib. O qeyd edib ki, Azərbaycanla əməkdaşlığın koordinasiyasında yaxından iştirak edir və əqli mülkiyyət XXI əsrin ən mühüm inkişaf amillərindən birinə çevrilib. Beynəlxalq ticarət əlaqələri, maliyyə əməliyyatlarında da onun rolu danılmazdır: “Xüsusilə qeyd etməliyəm ki, uzun illərdən bəri Azərbaycanla çox fəal və məhsuldar əməkdaşlığımız var. Bu əməkdaşlıq dünya intellektual mülkiyyət təşkilatının Azərbaycana göstərdiyi dəstəkdən başladı. Əməkdaşlığın məqsədi Azərbaycanda lazım olan intellektual hüquq infrastrukturunun və təşkilatlarının yaradılması idi. Bu gün görürük ki, Azərbaycanda bu sahəni əla bilən yerli ekspertlərin sayı artır”.
M.Svantner, həmçinin sayı artan yerli ekspertlər sayəsində Azərbaycanın mövcud imkanlarını daha da genişləndirəcəyinə əminliyini ifadə edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə