ELM VƏ TƏHSİL
Mobil hesablama buludlarında meydana çıxan problemlərin həlli yolları araşdırılıb
Bakı, 27 dekabr, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda mobil hesablama buludlarında meydana çıxan problemlərin həlli yolları araşdırılıb. Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mövzu ilə bağlı məruzəni təqdim edən şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov bu işin məqsədinin mobil qurğuların hesablama və yaddaş resurslarındakı məhdudiyyətləri, multimedia tətbiqi proqramlarından istifadə zamanı şəbəkədə baş verən gecikmələri aradan qaldırmaq və mobil qurğuların enerji sərfiyatını azaltmaq məqsədilə “cloudlet” əsaslı mobil hesablama buludlarının sintezi üçün metod və alqoritmlərin işlənməsi olduğunu bildirib. O, mobil hesablama buludları sisteminin komponentlərini göstərərək, bunlara mobil qurğular və şəbəkələr, əlaqə kanalları, “cloudlet” şəbəkəsi, internet şəbəkəsi və hesablama buludlarının daxil olduğunu qeyd edib.
Məruzəçi mobil qurğuların texniki imkanlarının aşağı olması və internet trafikin sürətinin az olmasının şəbəkədə SMS-in göndərilməsi, hava proqnozları və valyuta məzənnələrinin göstərilməsi kimi xidmətlərdən istifadə edilməsinə imkan verdiyini bildirib.
O.Ələkbərov aparılan tədqiqatların nəticəsi kimi dərc olunan elmi əsərlər barədə məlumat verib. Bildirib ki, mövzu ilə bağlı 1 məqalə “Scopus”da olmaqla, ümumilikdə 9 məqalə beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc edilib. Həmçinin beynəlxalq səviyyəli elmi konfranslarda 5 (WoS, IEEE), respublika səviyyəli elmi konfranslarda isə 4 tezis, o cümlədən 1 kitab nəşr olunub.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.