DÜNYA
Mobil qurğuların ictimai yerlərdə enerji ilə doldurulması fərdi məlumatlar üçün təhlükəlidir
Bakı, 20 fevral, AZƏRTAC
İctimai yerlərdə aktiv yayılan smartfon və digər cihazlar üçün enerjidoldurma qurğuları fərdi məlumatlar üçün ciddi təhlükə törədə bilər. “Authentic8” təşkilatının ekspertləri bu qənaətə gələrək, məsələn, ticarət mərkəzində və ya metroda quraşdırılan “USB” portlarından istifadə etməməyi tövsiyə edirlər.
AZƏRTAC “Planet Today” resursuna istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, smartfonun enerji ilə doldurulması üçün istifadə olunan çıxış eyni anda məlumatları da ötürə bilər. Məxfi informasiyanı oğurlayan hiyləgər hakerlər məhz bundan istifadə edirlər.
Qurğu ictimai yerdə enerji ilə doldurulan zaman başqa insanların görməsi üçün nəzərdə tutulmayan fotoşəkillər, kontaktlar, messencerlərdə yazışmalar, bank informasiyası, eləcə də smartfonun yaddaşında saxlanan bütün digər məlumatlar potensial risklə üzləşir.