İQTİSADİYYAT
“Mobil telefonlardan və internetdən asılılığın problemləri və həlli yolları” mövzusunda layihə həyata keçirilmişdir
Bakı, 2 may (AZƏRTAC). “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyi (RİTMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mobil telefonlardan və internetdən asılılığın problemləri və həlli yolları” adlı layihə həyata keçirmişdir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində mayın 2-də Bakıda “Mobil telefon və internetdən asılılığı hansı problemlər yaradır və bunlar necə aradan qaldırılmalıdır?” mövzusunda tədbir keçirilmişdir.
RİTM İB-nin sədri, akademik Siruz Abbasbəyli bildirmişdir ki, mobil telefonların və internetin insan həyatındakı rolu və əhəmiyyəti danılmazdır. Müxtəlif çeşidli telefon aparatlarının istehsalı, istifadəçiləri və istehlakçıları günbəgün artır. BMT-nin son araşdırmalarına görə, hazırda dünyada 5 milyarddan çox mobil telefon istifadəçisi vardır. Operativlik, rahat əlaqə qurmaq kimi xüsusiyyətləri ilə telefonlar insanı cəlb edir, özündən asılılığa salır və asılılığın törətdiyi fəsadların fərqinə varılmır.
Tədbirdə mobil telefonlardan və internetdən asılılığın yaratdığı problemlər və bunların həlli yolları haqqında valideynlərə, gənclərə, orta məktəb şagirdlərinə geniş məlumat verilmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.