MƏDƏNİYYƏT
“Molla Nəsrəddin”in müasirləri yad edilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin çapdan çıxmasının 106-cı ildönümü münasibətilə Cəlil Məmmədquluzadənin ev-muzeyində Məmməd Səid Ordubadinin mənzil-muzeyi ilə birlikdə “Molla Nəsrəddin”in müasirləri” rubrikasında “M.S.Ordubadi həm də mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsidir” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, foyedə ev-muzeyinin hazırladığı “Cəlil Məmmədquluzadə-Molla Nəsrəddin” adlı sərgi nümayiş etdirilmişdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Pərixanım Mahmudova “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən, bu nəşrin ətrafında toplaşmış görkəmli, maarifpərvər Azərbaycan ziyalıları, mollanəsrəddinçi şair, yazıçı və rəssamların yaradıcılıqlarından söhbət açmışdır. Natiq bildirmişdir ki, muzey təkcə C.Məmmədquluzadənin irsinin toplanması, tanıdılması və təbliği ilə məşğul olmur, həmçinin görkəmli ədibin müasirləri olan Məmməd Səid Ordubadi, M.Ə.Sabir, Əzim Əzimzadə və digər “Molla Nəsrəddin”çiləri də yad edir, onların xatirəsini həmişə əziz tutur.
Tədbirdə Məmməd Səid Ordubadi ev-muzeyinin direktoru Lalə Abaszadə “M.S.Ordubadi tarixi roman janrının banisi həm də mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsidir” mövzusunda məruzə etmişdir. Natiq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ədibin 140 illik yubileyinə hazırlıqlardan söhbət açmış, onun tarixi roman janrının banisi və mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsi kimi fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, Mirzə Cəlilin ən yaxın silahdaşlarından olan M.S.Ordubadi jurnalın səhifələrində felyetonları və satirik şeirləri ilə müntəzəm çıxış etmişdir.
Tədbirdə, həmçinin muzeyin elmi işçiləri Yeganə Məmmədovanın “Mollanəsrəddinçi ədəbi məktəb” və Fazilə Hümbətovanın “Molla Nəsrəddin jurnalının birinci nömrəsinin çapdan çıxması” mövzularında məruzələri dinlənilmişdir.
Məmməd Səid Ordubadinin qohumları ədib haqqında xatirələrini söyləmişlər.
Maliyyə-İqtisad Kollecinin tələbələri, paytaxtdakı 21 və 150 nömrəli məktəblərin şagirdləri Məmməd Səid Ordubadinin əsərləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdirmişlər.