ELM VƏ TƏHSİL
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul imtahanının müsahibə mərhələsi keçirilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanın müsahibə mərhələsini keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, mayın 22-də keçirilən test imtahanında səkkiz abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərmiş beş nəfər müsahibə mərhələsinə dəvət olunub. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılıb və ən yüksək nəticə göstərən üç nəfər müəyyənləşdirilib və onların namizədliyi MDBƏU-ya ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.
İmtahanın növbəti mərhələsi MDBƏU tərəfindən Moskvada iyunun 27-də və 29-da aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq. Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə qəbul olunmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.