MƏDƏNİYYƏT
Moskva Xeyirxah Nağıl Teatrı Bakıda “Al qırmızı gül” musiqili nağıl-tamaşanı təqdim edəcək
Bakı, 8 oktyabr, AZƏRTAC
Dekabrın 24-25-də Moskva Xeyirxah Nağıl Teatrı aktyorlarının (“Moskva Bədii Akademik Teatrı Artistlərinin Ortaqlığı” teatrının gənclər qrupu) Bakıya qastrolu çərçivəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Al qırmızı gül” musiqili nağıl-tamaşa nümayiş olunacaq.
AZƏRTAC Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, tamaşa çoxlu mahnı, rəqs, rəngarəng kostyumlarla təqdim ediləcək. Məşhur nağıldan məlum olduğu kimi, Yeni il ərəfəsində varlı bir tacirin üç gözəl qızı – böyük qızı qızıl çələng, ortancıl qızı büllur güzgü, kiçik və ən gözəl qızı isə Yer üzündə ən qəşəng olan al qırmızı gül arzulayır. Məlum olur ki, kiçik qızın bu arzusu ilk baxışda sadə görünsə də, onu yerinə yetirmək heç də asan deyil. Tacir var qüvvə ilə çalışır və qızlarının bütün arzularını yerinə yetirsin. Bu arzuların tacirin sevimli qızlarına nələr gətirəcəyini isə tamaşaçılar Rus Dram Teatrının səhnəsində görə biləcəklər. Yaxşı və yaman, sözünün üstündə durmaq və əsl məhəbbət haqqında olan, süjetin gözlənilməz dönüşü və xoşbəxt finalla bitən bu nağılı hamı çox sevir.
Biletləri teatrın kassasından və şəhərdəki mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.