ELM VƏ TƏHSİL
MOSKVADA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ AÇILACAQDIR
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Mətbuat Mərkəzində BSU ilə Moskva Dövlət Linqvistika Universiteti (MDLU) arasında “Biz bir-birimizi daha yaxşı anlamalıyıq: Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin öyrənilməsi” mövzusunda telekörpü keçirilmişdir.
Bakı Slavyan Universiteti və Moskva Dövlət Linqvistika Universiteti arasında sıx əlaqələr yaradılmışdır. Rusiyanın bu ali məktəbində artıq Azərbaycanşünaslıq tədris olunur.
Telekörpüdə iştirak edən BSU-nun rektoru, professor Kamal Abdullayev xarici ölkələrin ali məktəblərində Azərbaycanşünaslığın tədrisi ilə bağlı BSU-nun layihəsini dəstəklədiklərinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya, Rusiyanın Azərbaycandakı və ölkəmizin Rusiya Federasiyasındakı səfirliklərinə təşəkkürünü bildirdi.
K.Abdullayev Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzinin açılması təşəbbüsünü irəli sürərək qeyd etdi ki, BSU-da Rusiya Mədəniyyət Mərkəzi və Moskva auditoriyası fəaliyyət göstərir. MDLU-nun rektoru İrina Xaleyeva bu təklifi dəstəklədiyini bildirdi. Ölkəmizin Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfirliyin bu məsələ ilə bağlı hərtərəfli kömək göstərəcəyini dedi.
BSU-nun rektoru Moskvada Azərbaycan jurnallarının və dərsliklərinin nəşr olunmasını da təklif etdi.
Sonda İ.Xaleyeva professor Kamal Abdullayevi MDLU-da silsilə mühazirələr oxumağa dəvət etdi, BSU-nun rektoru da öz növbəsində İrina Xaleyevanı Bakıya dəvət etdi.