SİYASƏT
MOSKVADA DİNİ KONFESSİYALARIN RƏHBƏRLƏRİNİN NÖVBƏTİ İŞGÜZAR GÖRÜŞÜ KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə bildirmişdir ki, noyabrın 11-də Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata ilə birgə Rusiya paytaxtına, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə növbəti işgüzar görüşə yola düşəcəkdir.
A.Paşazadə demişdir: “Bu, bizim dördüncü işgüzar görüşümüzdür. Görüşdə din xadimlərinin hamısı üçün çox önəmli olan bir məsələ - BMT yanında dini məsələlərə dair Əlaqələndirmə Şurasının yaradılması məsələsi müzakirə olunacaqdır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirmişdir ki, bu məsələnin həllinin vaxtı çoxdan çatmışdır. Din xadimləri öz dövlətlərinin ictimai-siyasi həyatında fəal iştirak edirlər, çox vaxt onların səsi həlledici əhəmiyyət kəsb edir. Eyni zamanda, dünyada dindarların və din xadimlərinin hüquqlarının pozulmasına da tez-tez rast gəlinir. Biz istəyirik ki, din xadimlərinin səsi BMT-nin nüfuzlu tribunasından da eşidilsin. BMT yanında Əlaqələndirmə Şurası da buna xidmət edəcəkdir.