MƏDƏNİYYƏT
Moskvada müğənni və bəstəkar EMİN-in solo konserti və onun ikinci beynəlxalq albomunun təqdimatı anşlaqla keçmişdir
Moskva, 6 fevral (AZƏRTAC). Moskvanın “İzvestiya Holl” konsert salonunda istedadlı Azərbaycan müğənnisi və bəstəkarı Emin Ağalarovun (EMİN) möhtəşəm solo konserti olmuşdur.
Təkcə Rusiya tamaşaçısını deyil, həm də Avropa auditoriyasını fəth etmiş, öz mahnılarının müəllifi olan populyar ifaçı “After The Thunder” adlı yeni albomunu, yeni “Heart Keeps Beating” sinqlini və onun rusdilli versiyasını (“Ürək döyünür”) təqdim etmişdir. Bundan əlavə, Emin alboma daxil olan “Baby Get Higher”, “Never Enough”, “Walk Through Walls”, “Dead Roses” və “Ürək döyünür” mahnılarını ifa etmişdir.
Tamaşaçılar onun repertuarındakı rus dilində “Ürək döyünür” adlı ilk mahnısını gurultulu alqışlarla qarşılamışlar. Məlumdur ki, bəstəkar öz mahnılarını ingilis dilində yazıb ifa edir. EMİN karyerası ərzində ilk dəfə mahnısını təkcə ingilis dilində deyil, həm də rus dilində yazmışdır.
EMİN AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Mahnının mətnini tərcümə etmək üçün çalışmalı olduq. Hər iki versiyanın mətni tamamilə fərqli oldu. Çox şadam ki, nəhayət, rus dilində mahnı yaza bildim. Yəqin ki, Rusiyada bir çoxları mənim əcnəbi olduğumu düşünürdülər!” . Müğənninin fikrincə, “Albom çox maraqlı alınmışdır. Elə bir albom alınmışdır ki, bu günədək belə albomum olmamışdır. Bu, musiqi karyeramda altıncı albomumdur. Ona 12-13 kompozisiya daxildir. Bunların 11-ni özüm, qalanlarını başqa müəlliflər yazmışdır. Albom çox şux alınmışdır. Bura adəti üzrə balladalar deyil, xeyli oynaq mahnı daxildir. Yəqin ki, istənilən musiqiçinin hər yeni albomu ona indiyədək ərsəyə gətirdiyi ən yaxşı iş təsiri bağışlayır. Ola bilsin, növbəti albomum işıq üzü görəndə mən öz fikrimi dəyişəcəyəm”.
Konsert proqramında, həmçinin Eminin ifasında özünün müəllimi saydığı tanınmış Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısı səslənmişdir. EMİN-in ifasında bu mahnı gurultulu alqışlarla qarşılanmışdır. Bir sözlə, o, həm artıq sevilən hitləri, həm də yeni albomundakı kompozisiyaları ilə tələbkar tamaşaçıları növbəti dəfə təəccübləndirmişdir.
“Heart Keeps Beating” trekinin prodüseri yenə də müğənninin “Wonder” birinci beynəlxalq albomunun prodüseri, Enrike İqlesias, Britni Spirs, Tina Törner, Andrea Boçelli və s. kimi superulduzlarla işləmiş Brayan Roulinq olmuşdur. Bu kompozisiya EMİN-in “After The Thunder” adlanan ikinci albomuna daxil edilmişdir. Kompozisiyanın təqdimatı bu yaz Böyük Britaniya, Almaniya və Avropanın digər ölkələrində keçiriləcəkdir.
Qeyd edək ki, EMİN bu il Bakıda “Eurovision-2012” beynəlxalq müsabiqəsini açacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva