İQTİSADİYYAT
Moskvada Rusiyanın və MDB ölkələrinin neft qalıqlarının emalı texnologiyalarına dair 8-ci konfransı keçiriləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 17-18-də Moskvada Rusiyanın və MDB ölkələrinin neft qalıqlarının emalı texnologiyalarına dair 8-ci “Russia & CIS BBTC-2013” konfransı və sərgisi keçiriləcəkdir.
AZƏRTAC konfransın təşkilatçısı olan “Euro Petroleum Consultants Ltd” şirkətinə istinadla xəbər verir ki, “Russia BBTC” Rusiya və MDB ölkələri üçün nadir tədbirdir, çünki burada regionda dərin neft emalı və neft qalıqlarının emalı sahəsində son texnologiyalara və cari iqtisadi çağırışlara dair ən müasir informasiya təqdim olunur.
Rusiyanın və MDB ölkələrinin neft emalı zavodlarının ən mühüm vəzifələrindən biri hazırda ağır qalıqların konversiyasının artırılması üçün konkret zavodun tələblərinə ən yüksək səviyyədə cavab verən optimal texnoloji qərarlar arasında seçim etməkdir. Əsas meyarlar daxili və ixrac bazarlarının tələb və imkanları, neft emalı zavodlarının mövcud güc və konfiqurasiyası, habelə investisiya imkanlarıdır.
Tədbirdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Serbiya, Çexiya, Ukrayna və başqa ölkələrdən aparıcı dünya şirkətlərinin texnologiyaları, habelə neft qalıqlarının emalına dair planlaşdırılan və mövcud olan layihələr haqqında son məlumatlar təqdim ediləcəkdir.
Konfransın proqramı Rusiyanın və MDB ölkələrinin neft emalı sənayesi qarşısında duran əsas çağırışların, neft emalı sahəsində hərəkətverici güc və meyillərin, neft qalıqlarının dərin emalı sahəsində əsas layihələrin, neft qalıqlarının emalı üçün texnologiyalar sahəsindən praktiki nümunələrin, aparıcı lisenziyaçıların ən müasir məhsullarının və onların iş təcrübəsindən praktiki nümunələrin icmalını nəzərdə tutur.