İQTİSADİYYAT
Müasir təmizləyici qurğuların mühafizəsinə və onlara müntəzəm profilaktiki texniki xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilir
Bakı, 12 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) tullantıların emalı və təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi və müasir tipli qurğularla texniki parkın genişləndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, hazırda xidmət sahələrində İsveçrənin “Alfa-Laval” şirkətinin istehsalı olan modul dekantor və İtaliyanın “Pieralisi” şirkətinin modul trikantor qurğuları müvəffəqiyyətlə istismar edilir. Ötən müddətdə QSC-nin texniki parkına dekantor qurğusundan çıxan maye qarışığını üç fazaya - neft məhsulu, su və mexaniki qarışığa ayıran, İsveçrənin “Alfa-Laval” şirkətinin istehsalı olan yeni FOX-15 separator qurğusu da əlavə edilmişdir.
Yeni separator qurğusunun yağışdan və Günəş şüalarından qorunması, eləcə də istismar şəraitinin yaxşılaşdırılması məqsədi ilə qurğunun üzərində çardağın quraşdırılmasına başlanılmışdır. Çardaq quraşdırıldıqdan sonra qurğunun qısa müddətdə istismara verilməsi nəzərdə tutulmuşdur.
QSC-də istismarda olan bütün qurğulara müntəzəm olaraq profilaktiki texniki xidmətlərin göstərilməsinə, ətraf təsirlərdən mühafizəsinə və istismar müddətinin artırılmasına xüsusi diqqət yetirilir.