İQTİSADİYYAT
Müasir texnologiyalar dəniz şelfinin ehtiyatlarını təhlükəsiz və səmərəli işləməyə imkan verir
Rusiyanın “Rosİnvest.com” saytında “Müasir texnologiyalar dəniz şelfinin ehtiyatlarını təhlükəsiz və səmərəli işləməyə imkan verir” sərlövhəli material dərc olunub. Məqalədə Azərbaycanda həyata keçirilən enerji layihələrindən və ölkənin neft-qaz sahəsində tətbiq olunan müasir texnologiyalardan bəhs edilir.
Məqalədə deyilir: “Bu yaxınlarda Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd edildi. Həmin müqavilə Azərbaycana milyardlarla sərmayə gətirib, bu məqsədlə yaradılmış Dövlət Neft Fondunda xeyli vəsait toplamağa imkan verib, ölkənin neft-qaz sektorunda yeni texnologiyalar və müasir avadanlıq tətbiq edilməyə başlanıb. Azərbaycan neftçilərini haqlı olaraq dənizdə neft hasilatının pionerləri hesab edirlər. Xəzərdə “qara qızıl” çıxarılmasına hələ 1950-ci ildən başlanmasına baxmayaraq, hətta 1990-cı illərin əvvəlində də mövcud texnika və avadanlıq yalnız nisbətən kiçik dərinliklərdə işləməyə imkan verirdi”.
Məqalədə göstərilir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi layihəsi dünyada ən böyük neft-qaz şirkətləri ilə Azərbaycanın uğurlu əməkdaşlığı nümunəsi oldu. Burada neft və qaz hasilatı üçün Qərbdə yaradılmış bir sıra müasir texnologiyaların tətbiq edilməsi işin səmərəliliyini artırmağa və riskləri azaltmağa imkan verib, çünki təhlükəsizlik məsələləri həmişə ön planda olub.
“Əsrin müqaviləsi” layihəsi operatoru - Britaniyanın bp şirkətinin regional direktoru Qordon Birrelin sözlərinə görə, onun təmsil etdiyi şirkət yeni texnologiyalar yaradılmasına hər il təqribən 500 milyon dollar xərcləyir. Karbohidrogenlər hasilatı prosesinin təkmilləşdirilməsinə ayrılan vəsaitlərin 10 faizi Azərbaycanda xərclənir.
Layihə üzrə işlər başlanandan üç il sonra ilk neft çıxarılıb. Bu layihənin uğurla inkişaf etdirilməsi üçün dünyanın başqa neft-qaz regionlarında şirkətin mənimsədiyi təcrübə tətbiq olunub. Neft-qaz hasilatı sahəsində ən son araşdırmaların çoxu, o cümlədən, qum təzahürlərinin idarə edilməsi, hasilatın optimallaşdırılması, daha böyük sahəni əhatə edən quyular qazılması ilk dəfə Xəzərdə uğurla tətbiq edilib. Şirkətin mütəxəssislərinin fikrincə, Azəri-Çıraq-Günəşli yatağının mənimsənilməsi prosesində məhz bu qazma üsulları mühüm yer tutacaq.
bp-nin Azərbaycanda hasilat üzrə vitse-prezidenti Pat Droon bildirib ki, buradakı yataqlar çoxtəbəqəli mürəkkəb strukturu ilə seçilir. Rezervuar yumşaq və mayenin asanlıqla özünə hopduran qumdan ibarətdir. AÇG yatağında hasilatın sabitləşdirilməsi və neft hasilatı əmsalının maksimum həddə çatdırılması üçün hər il çoxlu yeni quyular qazılması tələb olunur. AÇG-nin mürəkkəb multikultural yataq olmasını nəzərə alsaq, hər bir quyu lazımi yerdə qazılmalı və lazımi vaxtda istifadəyə verilməlidir. Belə hallarda maili qazma üsulu köməyə çatır. Bu günə qədər həmin texnologiyanın tətbiqi ilə qazılmış ən dərin quyu (6,4 km) “Çıraq” yatağında uğurla istismar edilir.
Layın təzyiqini lazımi səviyyədə saxlamaq və quyuların neft verimi göstəricisini yaxşılaşdırmaq üçün “Xəzərdə ilk dəfə” tətbiq edilmiş yeniliklərin siyahısına qazın yenidən rezervuara vurulması texnologiyasını və 4D seysmik kəşfiyyat əməliyyatlarını da daxil etmək olar. AÇG yataqlarının yerləşdiyi ərazidə dənizin dibi ilə 132 kilometr uzunluğunda seysmik kabellər çəkilib. Onlar mayenin rezervuarda hərəkətini müşahidə etməyə və quyuların yerini daha dəqiq planlaşdırmağa imkan verir.
AÇG yataqları çərçivəsində indiyə qədər 1400 kilometr uzunluğunda sualtı boru kəməri çəkilib. “Şahdəniz” qaz-kondensat yatağının tam miqyasda işlənilməsi üçün daha 500 kilometr kabel çəkiləcək. Dənizdəki boru kəmərlərinin salamatlığını və təhlükəsizliyini yəqin etmək üçün bu xətlərdə distansion robotlar və avtonom sualtı skanerlər vasitəsilə daim monitorinq aparılır.
Droonun sözlərinə görə, ötən iyirmi il ərzində Azərbaycan hökuməti, ARDNŞ və AÇG layihəsinə cəlb edilmiş şirkətlər özəl sektorla dövlət sektoru arasında ən uğurlu biznes tərəfdaşlıqlarından birini yaradıblar. Bütün bu işlərin təhlükəsizliyi təmin olunub. Bu layihənin təhlükəsizlik göstəriciləri regionun sənaye statistikasında ilk yerlərdədir.
Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://rosinvest.com/novosti/1147666.