DÜNYA
Mübahisəli adalar Yaponiya ilə Çin arasında münasibətləri gərginləşdirməkdədir
Tokio, 19 avqust (AZƏRTAC). Yaponiya ilə Çin arasında münasibətlər Cənubi Koreya dənizindəki mübahisəli adalara görə beynəlxalq qalmaqal həddinə çatmışdır. Hər iki ölkə bu adaları özününki hesab edir. Bu günlərdə həmin adalara Yaponiya siyasətçilərindən və ictimai xadimlərindən ibarət “desant” qrupu çıxmışdır. Aksiya qeyri-leqal xarakter daşıdığına görə, qrupun üzvləri sahil mühafizəsi tərəfindən saxlanmışlar. Buna baxmayaraq, Çinin Xarici İşlər Nazirliyi tərəfindən qəzəbli bəyənatlar səslənməkdədir.
Avqustun 19-da Çinin bir neçə şəhərində mübahisəli Dyaoyuydao və ya Senkaku adalarına yapon fəallarının çıxmasına etiraz əlaməti olaraq antiyapon mitinqlər keçirilmişdir. Nümayişçilər antiyapon şüarlar səsləndirmiş, Yaponiyanın dövlət bayrağını yandırmışlar.
Mübahisəli adalar artıq neçə illərdir ki, iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir. Vəziyyət avqustun 15-də Çin millətçilərinin adaya çıxması ilə gərginləşmişdir. Onlar adalardan birində Çinin bayrağını qaldırmış, lakin tezliklə Yaponiya sərhəd mühafizəsi qüvvələri tərəfindən həbs edilmişlər. Həmin adaları öz ərazisi hesab edən rəsmi Pekin tezliklə buna etirazını bildirmişdir. Yaponiya tərəfindən cavab addımı gecikməmiş, gündoğar ölkənin “desant” qrupu adalardan birinə çıxaraq, burada Yaponiyanın bayrağını qaldırmışdır.
Mübahisəli adalarla bağlı gərginlik iki ölkə arasında artıq uzun illərdir ki, davam edir. İki il bundan əvvəl də hadisələr oxşar ssenari üzrə baş vermişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio