“Müharibə uşaqları”ndan danışılıb
Bakı, 26 fevral, Z. Mansurova, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilİb.
AZƏRTAC xəbər verir ki, teatrın foyesində Bakı şəhəri 46 nömrəli məktəbdənkənar tərbiyə mərkəzinin rəsm dərnəyinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Foyedə, həmçinin AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov, hərbi jurnalist Seyidağa Mirmövsümov, rejissor Şamil Nəcəfzadə və başqalarının Xocalı faciəsi zamanı çəkdikləri fotolardan ibarət stend də nümayiş olunub.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, gənc aktyor Elnur Kərimov, fotomüxbir İlqar Cəfərov və başqaları o dəhşətli günləri anmaqla bərabər, bildirilər ki, bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımını dünyaya tanıtmaqdır.
Sonra teatrın kiçik səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filminin premyerası olub.
Film Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.