CƏMİYYƏT
Mühəndis istilikxana və heyvandarlıq komplekslərinin qızdırılması üçün sərfəli üsul təklif edir VİDEO
Bakı, 28 dekabr, AZƏRTAC
Rusiya Voronej Texnologiyalar İnstitutunda mühəndis-texnoloq ixtisasına yiyələnən Akif Həsənov yardımçı təsərrüfatları, istilikxana və heyvandarlıq komplekslərini istiliklə necə təmin etmək haqqında düşünür.
Akif Həsənov bu məqsədlə minimum yanacaqla istiliyi uzun müddət təmin edə biləcək soba düzəldib. O, hazırladığı sobanın effektivliyini AZƏRTAC-ın əməkdaşlarının iştirakı ilə nümayiş etdirib.
Mühəndis-texnoloqun sözlərinə görə, bu sobadan əsasən kənd təsərrüfatında və məişətdə istifadə etmək mümkündür. Belə ki, hazırda bir çox istilikxanaların və ya heyvandarlıq komplekslərinin, yaxud kənd yerlərində evlərin qızdırılmasında təbii qazdan, ya da odun sobasından istifadə olunur. Bu, izafi xərclərə səbəb olur, xüsusən fermer təsərrüfatlarında məhsulun qiymətinə təsir göstərir.
Düzəltdiyi sobanın səmərəliliyinin ənənəvi odun sobasından 5 dəfə çox olduğunu, daha asan və ucuz başa gəldiyini söyləyən Akif Həsənov deyib: “Bu sobada yanma prosesi fərqlidir. Belə ki, əgər ənənəvi sobalarda yanacaq oksigenlə alt hissədən təmasda olursa, burada əksinə, oksigen üst hissədən daxil olur və yanma prosesini uzadır. Ənənəvi sobada yanma zamanı yaranmış qazlar hava ilə birlikdə sovrulur. Burada isə həmin qazlar içəridə qalaraq, yanma prosesində iştirak edir. Həmçinin istiliyi vəziyyətə uyğun olaraq tənzimləmək də mümkündür”.
Bu sobada istənilən bərk yanacaqdan - daş kömürdən, ağac qırıntılarından, taxta yonqarından, gərmədən istifadə etmək olar. “Əgər adi soba bir dəfə doldurulduqda 2-3 saata yanıb qurtarırsa, bu sobada eyni miqdarda yanacaq minimum 12 saat yanır”, - deyə Akif Həsənov bildirib.
Hələlik mühəndis-texnoloqun təqdim etdiyi soba kustar üsulla hazırlanıb və onun təkmilləşdirilməsinə ehtiyac var.