MƏDƏNİYYƏT
Murad Hüseynov: Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış etmək mənə də nəsib olduğu üçün çox şadam VİDEO
Qəbələ, 29 iyul (AZƏRTAC). Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış etmək mənə də nəsib olduğu üçün çox şadam.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynov AZƏRTAC-a müsahibəsində demişdir.
Festivalın artıq dünyada məşhurlaşdığını qeyd edən Murad Hüseynov bu musiqi bayramının ənənəyə çevrilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətləri olduğunu demişdir. Tanınmış pianoçu 5 illik yubileyi qeyd olunan bu mötəbər incəsənət bayramının proqramının zənginliyini də vurğulamışdır.
Artıq dünyanın aparıcı telekanallarında V Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı videoreportajların yayımlandığını söyləyən Murad Hüseynov, bu mötəbər sənət bayramının tanınmış musiqiçiləri özünə cəlb etdiyini vurğulayaraq demişdir: “Yuri Başmet, Boris Berezovski Oksana Yablonskaya kimi dünyada tanınmış musiqiçilərin festivalda iştirakı bu möhtəşəm sənət bayramının beynəlxalq arenada özünəməxsus yeri olduğunu bir daha sübut edir. Festivalla bağlı təəssüratlarım çox zəngindir. Tamaşaçıların sürəkli alqışları məni ifamı davam etdirməyə daha da ruhlandırır. Festival, həmçinin dünya şöhrətli musiqiçilərlə ünsiyyətdə olmaq üçün bir vasitədir. Qəbələ ilə yanaşı, artıq Gəncə, Şəki və digər regionlarımızda da beynəlxalq musiqi tədbirləri keçirilir. Bu günlər ölkəmizin demək olar ki, hər bölgəsindən tamaşaçılar bu festivalı izləmək üçün Qəbələyə axışırlar. Mən dünyanın heç bir yerində belə bir mötəbər festivalın keçirildiyini görməmişəm”.