SİYASƏT
Murmansk vilayəti hökumətinin saytında böyük Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş məqalə yerləşdirilmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Murmansk vilayəti hökumətinin rəsmi saytında “Murmanskda böyük Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi qeyd edilmişdir” sərlövhəli məqalə yerləşdirilmişdir.
Məqalənin müəllifi həmvətənimiz, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk bölməsinin mətbuat katibi, region hökuməti yanında Millətlər Məsələləri üzrə Məşvərət Şurasının üzvü, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovdur.
Məqalədə ÜAK-ın Murmansk bölməsinin ofisində böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş tədbirdən bəhs olunur.
Nizami Gəncəvi XII əsrdə Azərbaycanın Gəncə şəhərində yaşayıb yaratmışdır. Orta əsrlərdə şərqin ən nəhəng şairlərindən biri olmuş Nizami Gəncəvi şifahi xalq yaradıcılığı və yazılı tarixi xronikalardan bəhrələnərək epik poeziyaya canlı danışıq dilini və realist üslubu gətirmişdir. Onun əsərləri bir sıra böyük şairlərin yaradıcılığına təsir göstərmişdir.
Murmansk vilayəti hökumətinin rəsmi portalında yerləşdirilmiş məqalədə deyilir: “Murmansk sakinləri dünya şöhrətli bu şairin yaradıcılığı ilə vilayət elmi kitabxanasında tanış ola bilərlər.”.