SİYASƏT
Murmanskda “Birlik” festivalı keçiriləcəkdir
Bakı, 6 noyabr (AZƏRTAC). Cari il noyabrın 10-11-də həmkarlar ittifaqlarının Mərkəzi stadionunun İdman sarayında milli-mədəni birliklərin Rusiya Federasiyasının qəhrəman Murmansk şəhərinin 96 illiyinə həsr olunmuş festivalı keçiriləcəkdir.
Ənənə üzrə festival çərçivəsində mini-futbol turniri olacaqdır. Festivalın hazırlanmasına və keçirilməsinə Bədən Tərbiyəsi və İdman Komitəsi və şəhər administrasiyasının İctimai təşkilatlara sosial yardım, onlarla qarşılıqlı fəaliyyət və gənclərə dair işlər üzrə komitəsi rəhbərlik edir.
Bu barədə AZƏRTAC-a Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru yanında Millətlər üzrə Məsləhət Şurasının üzvü Əlihüseyn Şükürov bildirmişdir.
Murmansk şəhəri administrasiyasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri İrina Andreyeva AZƏRTAC-a eksklüziv müsahibəsində milli-mədəni birliklərin “Birlik” festivalının keçirilməsi məqsədindən danışmışdır. Bu məqsəd Murmanskda mini-futbolun daha da inkişaf etdirilməsi və populyarlaşdırılması, əhalinin müntəzəm bədən tərbiyəsi və idman məşğələlərinə, sağlam həyat tərzinə cəlb edilməsi, bütün xalqlar arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və qəhrəman şəhərin ərazisində yaşayan çoxmillətli əhalinin şanlı qardaşlıq ənənələrinin qorunub saxlanmasından ibarətdir.
Festivalın təşkili və keçirilməsi ilə bağlı xərcləri Bədən Tərbiyəsi və İdman Komitəsi və Sosial Yardım Komitəsi ödəyirlər.
Mini futbol yarışlarından başqa, festivalın proqramına yaradıcı çıxışlar və milli mətbəx müsabiqəsi də daxil edilmişdir.
Festival çərçivəsində milli-mədəni birliklərin rəqs və xor kollektivlərinin iştirakı ilə yaradıcı çıxışlar olacaqdır. Milli mətbəx müsabiqəsinə qabaqcadan hazırlanmış yeməklər təqdim olunur.
Yarışlara Murmansk şəhərinin ərazisində yaşayan bütün millətlərin diasporları, icmaları və assosiasiyalarının yığma komandaları buraxılırlar.
Qeyd etmək lazımdır ki, ənənəyə görə müsabiqələrin qalibləri xüsusi mükafatlar və diplomlarla təltif ediləcəklər. Təşkilatçılar “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı hücumçu” və “Ən yaxşı oyunçu” mükafatlarını təsis etmişlər.
Qeyd edək ki, yarışlarda iştirak etmək istəyən diasporlar Şəhər İdman Komitəsinə sifariş verə bilərlər.