SİYASƏT
MÜŞAHİDƏ TURUNUN AZƏRTAC-DAN OLAN İŞTİRAKÇISI BARAK OBAMANIN SEÇKİ QƏRARGAHINDA OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, ABŞ-da prezident seçkilərinin müşahidə turunda iştirak edən bir qrup jurnalist, o cümlədən AZƏRTAC-ın müxbiri prezidentliyə namizəd Barak Obamanın seçki qərargahında olmuşdur. Burada Demokratlar Partiyasının fəalları və könüllülər qarşıdakı prezident seçkilərinə fəal hazırlıq aparırlar.
Seçkiqabağı proses artıq final mərhələsindədir. Hələ də qəti qərara gəlməmiş seçicilərin səslərini qazanmaq üçün hər iki namizəd arasında gərgin mübarizə gedir. Ayova ştatında seçicilərin təqribən 6 faizi hələ seçim etməmişdir. Davenport şəhərinin meri Bill Qluba jurnalistlərlə söhbətində qeyd etmişdir ki, demokratların namizədi Barak Obama Respublikaçılar Partiyasından olan rəqibini xeyli qabaqlayır. Onun sözlərinə görə, Obama prezident seçiləcəyi təqdirdə İraqdakı Amerika qoşunlarını oradan çıxaracaq və beləliklə, bir neçə milyard dollar vəsaitə qənaət ediləcəkdir. Mer vurğulamışdır ki, Obamanın prezident kimi uğurlu fəaliyyət göstərə bilməsi üçün o, ölkə iqtisadiyyatını möhkəmlətməli və xarici siyasəti dəyişməli olacaqdır.