SİYASƏT
MÜŞAHİDƏ TURUNUN İŞTİRAKÇILARI ABŞ-DA ERKƏN SƏSVERMƏNİ İZLƏMİŞLƏR
ABŞ-da prezident seçkilərini müşahidə turunda iştirak edən jurnalistlər qrupuna daxil edilmiş AZƏRTAC-ın müxbiri Orxan Muradov xəbər verir ki, noyabrın 1-də KİV nümayəndələri Ayova ştatında erkən səsvermə keçirilən seçki məntəqəsində olmuşlar.
ABŞ-ın 50 ştatından 30-da keçirilmiş erkən səsvermə noyabrın 4-də keçiriləcək seçkilərdə müəyyən səbəblər üzündən iştirak edə bilməyəcək seçicilər üçün nəzərdə tutulmuşdur.
Gözlənildiyinə görə, Ayova ştatında qeydiyyata alınmış seçicilərin 36 faizə qədəri erkən səsvermədə iştirak edəcəkdir.
“Quad-City Times” qəzetinin şərhçisi Edd Tibbets jurnalistlərə müsahibəsində demişdir ki, seçicilərin yüksək fəallığı gözlənilir. Bu onunla əlaqədardır ki, ABŞ tarixində ilk dəfə Afrika mənşəli amerikalı Barak Obama seçkilərdə prezidentliyə namizəd kimi iştirak edir. Vitse-prezident vəzifəsinə namizəd isə Sara Palin qadındır.
Tibbetsin sözlərinə görə, budəfəki seçkilərin fərqli cəhəti prezidentliyə namizədləri dəstəkləyənlərin sayı arasında fərqin çox böyük olması və iqtisadi məsələlərə daha çox diqqət yetirilməsidir. Bu, ABŞ-da maliyyə böhranı ilə əlaqədardır.