İQTİSADİYYAT
Müşavirədə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görüləcək tədbirlər müzakirə edilmişdir
Bakı, 21 dekabr (AZƏRTAC). Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən cari ilin oktyabr-noyabr aylarında keçirilmiş nəzəri yanğın müayinəsinin nəticələri və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görüləcək tədbirlərin müzakirəsinə həsr edilmiş müşavirə keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə zavodun baş mütəxəssisləri, istehsalat sahələri və sexlərin rəisləri iştirak etmişlər. Onlar rəhbərlik etdikləri sahələrdə yanğın təhlükəsizliyinin vəziyyəti və həlli vacib olan məsələlər barədə məlumat vermiş, baş verə biləcək yanğın və qəzaların qarşısının alınması istiqamətində tədbirlər müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, keçirilmiş yanğın müayinəsinin nəticələri qənaətbəxş qiymətləndirilməlidir.
Müşavirədə çıxış edən BNEZ-in direktorun əməyin mühafizəsi üzrə müavini Güləli Ağamirov zavodun müvafiq istehsalat sahələri və sexlərində yanğın təhlükəsizliyi məsələlərindən danışmış, yanğınsöndürmə sistemlərinin yenidən qurulması istiqamətində işlərin aparıldığını qeyd etmiş, gələcəkdə mövcud sistemin təkmilləşdiriləcəyini bildirmişdir. Onun sözlərinə görə, zavodun 2 və 5 nömrəli istehsalat sahələrində müvafiq işlərin görülməsinə başlanılmış, digər sahələrdə də bu sistemin tətbiqi nəzərdə tutulmuşdur.
Eyni zamanda, tədbirdə istehsalat sahələri və sexlərdə mövcud olan çatışmazlıqların aradan qaldırıldığı vurğulanmış, 2012-ci ildə bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunmuşdur. Bu məqsədlə müvafiq tədbirlər planı da hazırlanacaqdır.