DÜNYA
Mütəxəssislər çobanyastığı çiçəyinin faydalı xüsusiyyətlərini açıqlamışlar
Bakı, 11 mart (AZƏRTAC). Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan çobanyastığı yol kənarlarında və boş ərazilərdə özbaşına bitən, xoş ətrə malik sarı-ağ rəngli çiçəklər açan bir bitkidir. Dünyanın bir çox ölkələrində bu bitkinin çiçəklərindən müalicə - profilaktiki və kosmetik məqsədlə istifadə edilir.
Çobanyastığının faydasından danışarkən, mütəxəssislər ilk növbədə onun antiseptik, ağrıkəsici, sakitləşdirici, allergiya və iltihab əleyhinə vasitə olduğunu qeyd edirlər.
Çobanyastığı dəmləməsi mədə-bağırsaq, dəri, ağız boşluğu, tənəffüs yolları, qadın xəstəlikləri və digər xəstəliklər zamanı çox faydalıdır. Ondan həmçinin irinli yaraların, xoraların yuyulmasında, göz xəstəliklərinin müalicəsində də istifadə edilir.
Çobanyastığı iştahanı açır, sinirləri sakitləşdirir, baş, bel və diş ağrıları zamanı müsbət təsir göstərir. Sidikqovucu, hərarətsalıcı və mikroböldürücü xüsusiyyətlərə də malikdir.
Çobanyastığı çayından və yağından tibdə çox istifadə edilir. Çobanyastığı çayı dərini təmizləmək və təravətli etmək baxımından da çox faydalıdır. Saçları bu dəmləmə ilə yumaq onlara parlaqlıq verir. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə xeyirlidir.