REGİONLAR
Muxtar respublikada təşkil edilən səyyar sərgi-satışlardan FOTOREPORTAJ
Naxçıvan, 27 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən artıq iki aydır ki, bayramlarda və istirahət günlərində yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlarda istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən müddət ərzində Ağbulaq İstirahət Mərkəzində, “Xan Çinar” və “Saat Meydanı” Turistik İstirahət mərkəzlərində, Batabat yaylağında və “Dübəndi” Ailəvi İstirahət Mərkəzində 12 səyyar sərgi-satış təşkil olunub, burada minlərlə sənətkarlıq nümunələri sərgilənib, 57 müəllifin 3921 manat dəyərində 535 əl işi satılıb.
Səyyar sərgi-satışlarda sənətkarlıq nümunələri, o cümlədən müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, muncuqla, gipslə, mislə, duzla əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ, tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş tablolar sərgilənir. Qonaqlar sərgi-satışlara böyük maraq göstərir, zövqlərinə uyğun əl işləri alırlar. Səyyar sərgi-satışlarda iştirak edən istedadlı qadınlar əl işlərinin hazırlanması və əhəmiyyətləri barədə qonaqlara ətraflı məlumat verir, əl işlərinin satışını özləri həyata keçirirlər.
Belə tədbirlərin keçirilməsində məqsəd qadınların istedad və bacarıqlarının üzə çıxarılması, xalqımızın milli dəyərlərinin sənətkarlıq nümunələri vasitəsilə yaşadılması, xalq tətbiqi sənət nümunələrinin təbliği, həmçinin qadınların özünüməşğulluqlarının təmin olunmasıdır.