ELM VƏ TƏHSİL
MÜXTƏLİF NOMİNASİYALAR ÜZRƏ KEÇİRİLƏN RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər İdman və şahmat məktəbləri arasında “İlin ən yaxşı idman və şahmat məktəbi”, “İlin ən yaxşı idmançısı” “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə keçirilmiş respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin gənclərin, idmanın inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Təhsil Nazirliyi sistemində 157 idman məktəbinin olduğunu qeyd edən nazir bildirmişdir ki, həmin məktəblərdə 27 idman növü üzrə 415 bölmə fəaliyyət göstərir. Burada 7935 qrupda 99 min 202 nəfərdən çox uşaq, yeniyetmə və gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Ötən il uşaq-gənclər idman və şahmat məktəbləri tərəfindən beynəlxalq yarışlarda 43 medal, o cümlədən 15 qızıl, 14 gümüş, və 14 bürünc medal qazanılmışdır.
M.Mərdanov bu il Pekin şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün qazanılan 23 lisenziyanın 4-nün bilavasitə nazirliyin idman məktəblərinin idmançılarının payına düşdüyünü diqqətə çatdırmışdır.
Sonra 2007-ci il üzrə “İlin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi”, “İlin ən yaxşı uşaq-gənclər idman məktəbi”, “İlin ən yaxşı uşaq-gənclər şahmat məktəbi”, “İlin ən yaxşı idmançısı” nominasiyaları üzrə respublika müsabiqəsinin qaliblərinə Təhsil Nazirliyinin diplomları və hədiyyələri təqdim olunmuşdur.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər natiqlər də ölkəmizdə idmanın inkişafı üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, müsabiqənin qaliblərini təbrik etmiş, onlara yeni nailiyyətlər arzulamışlar.
######