MƏDƏNİYYƏT
Muzeydə “Çexiya süleyman daşı” sərgisi başa çatmışdır
Bakı, 30 sentyabr (AZƏRTAC). AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və Çex Respublikasının Milli Muzeyi tərəfindən, bu ölkənin Mədəniyyət və Azərbaycanın Mədəniyyət və Turizm nazirliklərinin, hər iki dövlətin səfirliklərinin dəstəyi ilə təşkil olunmuş və Çexiyanın mineraloji rəmzi sayılan, “süleyman daşı” adlanan qranat mineralına həsr edilmiş sərgi başa çatmışdır.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, iyunun 1-də açılmış sərgi Azərbaycan vətəndaşlarının və şəhərimizin qonaqlarının böyük marağına səbəb olmuşdur. Sərginin təşkili haqqında qərar Azərbaycan Prezidenti İlham Əliyevin keçən il Praqaya səfəri zamanı qəbul edilmişdir.
Ekspozisiyada Çexiya Respublikası Milli Muzeyinin kolleksiyasından XIV-XX əsrlərə aid 160 zərgərlik məmulatı, o cümlədən əl işi olan boyunbağılar, taclar, daraqlar və digər qadın bəzək əşyaları, barokko üslubunda hazırlanmış bakallar, təsbehlər, xalçalar, yazı dəstləri, müqəddəslərin heykəlləri, rəsm əsərləri və çex qranatı ilə bəzədilmiş bir sıra başqa əşyalar olmuşdur.
Eksponatlar arasında təbii qranat daşı, qranatlı süxurlar da nümayiş etdirilir. Praqa kilsəsindən gətirilmiş, XIV əsrə aid panaqiya (bəzəkli xaç) bu sərginin ən qədim eksponatıdır.
Eksponatlar arasında ametist, yəşəm daşı, gümüşü rəngli təbii mineral, habelə qiymətli daşlarla işləyən sənətkarların istifadə etdikləri alətlər də nümayiş etdirilmişdir.