ELM VƏ TƏHSİL
Muzeydə “İstiqlalın beşiyi” filmi nümayiş etdirilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Mücadilə” adlı ikihissəli sənədli filmin birinci hissəsi - “İstiqlalın beşiyi” filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə muzeyin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov sənədli filmin müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından bəhs etdiyini diqqətə çatdırıb.
AXC-nin fəaliyyətindən danışan şöbə müdiri bildirib ki, 1918-ci ildə yaradılan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da onun tariximizdə çox əhəmiyyətli rolu olub.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpa olunduğunu qeyd edən E.Dadaşov müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayıb.
Filmin elmi məsləhətçisi, tarix elmləri doktoru Elmira Muradəliyeva sənədli filmlə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini diqqətə çatdırıb.
Sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğludur.
Sonra film nümayiş etdirilib.