MƏDƏNİYYƏT
Muzeydə Məhsəti Gəncəviyə həsr olunmuş guşə yaradılmışdır
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrdə yazıb-yaratmış görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş guşə yaradılmışdır.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, guşədə diqqəti daha çox cəlb edən eksponatlardan biri qədim Gəncənin XII əsrə aid maketidir. Böyük tamaşaçı marağına səbəb olan maket Əməkdar Elm Xadimi, tarixçi alim İshaq Cəfərzadənin məsləhətləri əsasında hazırlanmışdır.
Məhsəti Gəncəvinin Əməkdar İncəsənət Xadimi, heykəltəraş Münəvvər Rzayeva tərəfindən yaradılmış heykəli ekspozisiyada xüsusi yer tutur. Tanınmış heykəltəraşın tişəsindən çıxmış, Azərbaycan qadının bütün zərifliyini, gözəlliyini, əzəmətini özündə birləşdirən bu parlaq sənət nümunəsi Məhsəti Gəncəvi yaradıcılığına ucaldılmış ölməz abidədir.
Azərbaycanın tanınmış fırça ustaları Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, rəssamlar Elçin Aslanov, Stanislav Şatıkov Məhsəti yaradıcılığına müraciət etmiş, onun əsərlərinə illüstrasiyalar çəkmişlər. Bu baxımdan guşədə nümayiş etdirilən “Orta əsrlərə aid miniatürlərdə Məhsəti surəti”, “Məhsəti Gəncəvi nəğmələri”, “Məhsəti rübailəri” mövzusunda improvizələr” adlı əsərlər, Məhsəti Gəncəvi qəhrəmanlarının rəsmləri Azərbaycan rəssamlığının dəyərli incilərindən hesab oluna bilər.
Guşədə Məhsətinin əsərləri, eləcə də şairəyə həsr edilmiş, müxtəlif illərdə nəfis tərtibatda nəşr olunmuş kitablar da yer almışdır. Burada, həmçinin Gəncənin qədim mədəniyyətini əks etdirən dulusçuluq, misgərlik, xəttatlıq nümunələri, orta əsrlərə aid Gəncə keramikası nümayiş olunur. Bütün bunlar tariximizin və mədəniyyətimizin ən parlaq dövrlərindən - İntibah dövründən məlumat verir.
Ekspozisiyanın zənginləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Qeyd edək ki, 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar İCOM Azərbaycan Komitəsinin qərarına əsasən Bakı muzeylərində “Şəxsiyyətimiz-sərvətimiz” devizi altında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, guşələrin yaradılması tövsiyə olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Məhsəti Gəncəviyə həsr olunmuş guşə də məhz bu qərara əsasən yaradılmışdır.