ELM VƏ TƏHSİL
M.V.LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALI TƏLƏBƏ QƏBULU ELAN EDİR
Bakı, 18 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2010/2011-ci tədris ili üçün müvafiq ixtisaslar üzrə (bakalavr səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edir.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda TQDK-nın bu il keçirəcəyi test imtahanlarında 350 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlərlə bitirən və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər də müvafiq qəbul sınaqlarında iştirak edə bilərlər.
Bu barədə “Abituriyent” jurnalında ətraflı məlumat verilmişdir.