İDMAN
Nabranda səmt idmanı üzrə turnirin açılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Nabranda müstəqil Azərbaycanın tarixində ilk dəfə səmt idmanı üzrə beynəlxalq yarışın - Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibətilə Açıq Kubok turnirinin rəsmi açılışı münasibətilə mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Səmt İdmanı Federasiyasının (ARSİF) prezidenti Mirəli Kazımov giriş nitqi ilə çıxış etmişdir.
M.Kazımov bildirmişdir ki, Azərbaycanda digər sahələr olduğu kimi idman inkişaf edir. Hazırda səmt idmanı da uğurla inkişaf edir və federasiya artıq Beynəlxalq Səmt İdmanı Federasiyasının (BSİF) üzvü olmuşdur.
M.Kazımov ümidvar olduğunu bildirmişdir ki, bu beynəlxalq yarış dostluq və ədalətli rəqabət şəraitində keçiriləcəkdir.
BSİF-in nümayəndəsi Tatyana Qələndəroğlu bildirmişdir ki, Azərbaycanda təşkil edilmiş yarışları ikinci dəfə müşahidə etdiyinə görə şaddır. Sevindirici haldır ki, bu dəfə iştirakçıların sayı xeyli artmışdır. Bu yarışa qatılan idmançılar başqa beynəlxalq yarışlarda layiqincə çıxış edə biləcəklər. Azərbaycan idmançıları Helsinkidə keçiriləcək səmt idmanı üzrə dünya çempionatında iştirak edəcəklər.
Tatyana Qələndəroğlu Açıq Kubok turnirinin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişdir.
Bu beynəlxalq turnirdə iştirak etməkdən məmnun olduğunu bildirən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko demişdir ki, turnir beynəlxalq standartlara cavab verir. Bunu iştirakçıların sayı və müəyyən olunmuş məsafələr təsdiq edir.
A.Mişşenko vurğulamışdır ki, Azərbaycanın dövlət strukturlarının yarışın təşkilinə dəstəyini ARSİF-in fəxri üzvü və turnirin iştirakçısı kimi daim hiss etmişdir.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarına cavab vermişlər.