ELM VƏ TƏHSİL
Nantda fəaliyyət göstərən “Qarabağ” məktəbində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunub
Nant, 17 oktyabr, AZƏRTAC
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının (ACAF) nəzdində açılmış “Qarabağ” Azərbaycan məktəbində “Müstəqilliyimiz əbədidir!” devizi ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müəllimlər Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı məktəbliləri məlumatlandırıblar. Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Məktəblilərə müstəqilliyimizi necə çətinliklə bərpa etməyimizdən, onun ilk illərində üzləşdiyimiz problemlərdən söz açılıb. Müstəqilliyimizdən bəhs edən videoçarx və şəkillər nümayiş olunub.
Tədbirə qoşulan valideynlər belə mühüm tarixlərin qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, virtual tarixi ekskursiyanın məktəblilərin milli ruhda böyüməsində önəmli rol oynadığını diqqətə çatdırıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Nant