MƏDƏNİYYƏT
“National Geographic Azərbaycan” jurnalının yanvar nömrəsi işıq üzü görüb VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
“National Geographic Azərbaycan” jurnalının 2015-ci ildə ilk nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, nəşrin sayca beşinci nömrəsində Şimali Amerika sakinlərinin əcdadı, dünya üzrə tapılmış ilk incəsənət nümunələri, Gürcüstanın qədim adət-ənənələrini qoruyub yaşadan Svaneti vilayəti, müxtəlif xalqların qida rasionu, həmçinin ABŞ-ın simvolu kimi tanıdığımız ağbaş qartallar barədə ətraflı məlumat əldə etmək olar.
Həmçinin, oxucular “Tədqiqat” rubrikasında artıq ənənə halını almış “yerli məqalələr” silsiləsində bu dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Miniatür Kitab Muzeyi barədə oxuya bilərlər.
Peşəkar fotoqrafların jurnalı bəzəyən fotoşəkilləri, hər zaman olduğu kimi, məqalələrdən zövq almaqda yardımçı olacaq.
Qeyd edək ki, məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirilib. “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını ötən il sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarılıb.