DÜNYA
“National Geographic” telekanalı “Türk Hava Yolları”nın gündəlik uçuş əməliyyatlarının pərdəarxası proseslərini işıqlandıracaqdır
Bakı, 24 iyun (AZƏRTAC). “National Geographic” telekanalının və “Türk Hava Yolları”nın birgə razılığına əsasən, aviaşirkətin gündəlik iş rejimi ilk dəfə televiziya proqramına çəkiləcəkdir.
“Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, aviaşirkət ilk dəfə olaraq gündəlik əməliyyatlarının televiziya proqramına çəkilməsinə razılıq vermişdir. Proqramda dünyada ən çox ölkəyə uçan və “Skytrax Passenger Choice” tərəfindən son üç ildə Avropanın ən yaxşı aviaşirkəti seçilən “Türk Hava Yolları”nın gündəlik uçuş əməliyyatlarının pərdəarxası prosesləri işıqlandırılacaqdır.
Tamaşaçılar proqram vasitəsilə pilotların və aviasiya xidmətinin uçuşların təhlükəsizliyinə və sərnişinlərin rahatlığının təmin olunmasına yönəlmiş gərgin və fədakar əməyini izləyə biləcəklər. Süjet xətti kimi İstanbul Atatürk Hava Limanının bir həftəlik iş rejimi əsas götürülmüşdür. Həmçinin “Səhnə arxası” adlanan bu televiziya proqramında “Türk Hava Yolları” əməkdaşlarının qarşıya çıxan problem və çətinlikləri komanda şəklində real vəziyyətdə necə həll etdikləri də əksini tapacaqdır.