REGİONLAR
Naxçıvan diyarı qədim və orta əsrlərə aid tarix-mədəniyyət abidələri ilə zəngindir
Naxçıvan, 20 aprel, AZƏRTAC
Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan qədim və orta əsrlər dövründə yaradılmış tarix-mədəniyyət abidələri ilə zəngindir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə Açıq Səma Altında Muzey Kompleksində keçirilən “Naxçıvan orta əsr memarlıq abidələri və Əcəmi Naxçivani” adlı tədbirdə mərkəzin elmi katibi Nihad Tarverdiyev deyib.
Nihad Tarverdiyev qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, həmçinin təşkil edilmiş arxeoloji ekspedisiyalar nəticəsində muxtar respublika ərazisində yeni tarixi abidələr aşkar edilərək tədqiq olunub. 2006-cı ildən başlayaraq Naxçıvanda Azərbaycanın arxeoloji ekspedisiyaları, həmçinin beynəlxalq ekspedisiyalar fəaliyyət göstərməyə başlayıb. Beynəlxalq ekspedisiyaların fəaliyyəti Azərbaycan, o cümlədən Naxçıvan abidələri haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.
Tədbirdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova çıxış edərək bildirib ki, tarixdə həyatı və gördüyü işlər gələcək nəsillər üçün örnək olan Kəngərlilər sülaləsinin özünəməxsus yeri vardır. Naxçıvan xanlarının iqamətgahında “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Ali Məclis Sədrinin 2015-ci il 4 fevral tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi adlandırılıb. Bu gün kompleks yüzlərlə yerli və xarici turistlərin ziyarət məkanına çevrilib. Çoxsaylı maraqlı eksponatlarla tanış olan qonaqlar buradan zəngin təəssüratlatlarla ayrılırlar.
Nəzakət Əsədova diqqətə çatdırıb ki, buradakı muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 2 min 700-dən çoxdur. Həmin eksponatların 350-si ekspozisiya zallarında, 60-a yaxını Möminə Xatın və 240-dan çoxu Açıq Səma Altında Muzey Kompleksində nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Naxçıvanın daha bir möhtəşəm abidəsi memar Əcəminin şah əsəri olan Möminə xatın türbəsinin tarixi haqqında danışıb. Qeyd edib ki, Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin ən möhtəşəm nümunələrindən biri də görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan Möminə Xatın türbəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə Xatın türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “...Bu abidənin qiyməti yoxdur. Möminə Xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
Sonda muzey kompleksinin bələdçisi Jalə Mirzəyeva tədbir iştirakçılarına muzey ekspozisiyası barədə məlumat verib.